|
||
Özündə müharibənin dəhşətlərini əks etdirən çoxlu sayda, fotolar,
kadrlar, rəsmlər var. Amma bir foto var ki, baxanda - bax, qəhrəmanlıq budur,
vətən sevgisi, bayraq sevgisi budur deyirsən!
Bircə fotosu ilə tanındı Natiq Qasımov. Rus jurnalisti özü də
bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini
tam xırdalığınadək lentə ala bilib. Şəkildə bu oğlan erməni yaraqlılarının
müşayiəti ilə bayrağı aparır. Şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən
olan «Oqonyok» jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc
olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindəndir. Yazı
italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi gördüyünüz bu şəkillə müşayiət
olunur. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli
bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub.
Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə
apardığını bilib çox pərt olmuşdular.
Natiqin qəhrəmanlığı az bir vaxtda dildən-dilə düşdü. Bu
qəhrəmanlığın bütün keçmiş ittifaqa tanıdılmasında isə «Oqonyok»un xidməti
əvəzsiz oldu. Redaksiya şurasında Y.Əlixanyan-Bonner kimi qatı millətçinin və
V.Korotiç kimi ermənipərəstin təmsil olunduğu “Oqonyok”un müxbiri K.Smirnov
özü də bilmədən vaxtilə kitablardan oxuduğumuz və filmlərdən seyr etdiyimiz
cəsur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaətini
təkrarlamış Natiq Qasımovun düşmənə əyilməzliyini, onun qorxmazlığını və cəsarətini
tam xırdalığınadək vəsf etmişdi. Baxmayaraq ki, yazıda erməni təəssübkeşliyi
müəyyən qədər də olsa özünü büruzə verib.
Tanış olaq
Onun haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olur. Çünki
dillərdə dastan olan sonuncu fotosundan sonra onun sonrakı taleyi barədə
indiyədək heç bur məlumat yoxdur.
Natiq Səlim oğlu Qasımov. 1971-ci il yanvarın 2-də Gədəbəy
rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə
birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də
çilingər, «Kosmos» kinoteatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk
vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan
tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü
olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun
tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir.
Yurdsevərliyi və mehribanlığı ilə cəbhə yoldaşlarının hörmət və rəğbətini
qazanır.
Xocalı faciəsi Natiqin sonrakı həyatının başlanğıcı olur. Döyüş
bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa
bilmir. Bunu faciədən bir neçə gün sonra, onun valideynlərinə ünvanladığı
məktublar da təsdiq edir.
Atası Səlim kişinin dediklərindən: «Xocalı faciəsindən bir neçə gün
sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq Yaqub Rzayevin «Qarabağ
şahinləri» dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki,
Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir
vaxtda mən evdə rahat otura bilmərəm».
1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri»
batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı
həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq
yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində
məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə
döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır.
Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla
yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ
keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri
çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə
əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni
davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər
əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına
gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki,
kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu
xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər
Cəfərova həvalə olunur.
“Bayrağı və postu qoyub gedə bilmərəm”
Bu arada qeyd edək ki, 26 fevral 1992-ci il tarixdə Xocalı
soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görənlərdən biridir.
Cəfər müəllimin xatirələrindən: «Mənə dedilər ki, sizin türklər
bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki
verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə
uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə
dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər.
Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri
buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri
isə güllələyəcəyik».
Cəfər müəllimin xatirələrindən: «Ermənilər təxminən 100 metr
aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə
məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit
dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq
divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır
yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim
var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər»
dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də
sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri
çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən
işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü
üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab
verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru
çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki,
komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər
öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə
qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub
gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə
olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş
etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir
anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin
güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf
bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də,
məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün
burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız
avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha
da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının
arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu
çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib.
Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis
şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant
olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart
1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı
qəbirstanlıqda dəyişdilər».
“O, üzərində bayrağımız sancılmış kilsədə beş gün
ac-susuz qalmışdı”
“...Tezliklə biz Stepanakertdən Əsgərana tərəf yollandıq. Oradan
vaxtaşırı atışma səsləri gəlirdi. Lakin Əsgərana gedib çıxmadıq, çünki yolda
silahlı saqqallılarla dolu BTR-ə rast gəldik. Şübhəsiz, buradakı dəstənin
yaraqlıları «iş dalınca» gedirdilər. Onların aldıqları məlumata görə, bir
neçə gün bundan öncə əks tərəf dağlarda kənd tutmuşdu. Ermənilər onları sıxışdırıb
çıxartsalar da köhnə Qriqorian kilsəsində (Alban kilsəsində - N.Q) Azərbaycan
Milli Ordusunun bir qrup «boyeviki» qalmışdı. BTR-dəki adamlar ən uca zirvədə
yerləşən kilsəni azad etməyə yollanırdılar. Kiçik kilsədə azərbaycanlıların
sayı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə artıq iki nəfər
itirmişdi. Hücumçular müxtəlif vasitələrə - gözyaşardıcı qazdan
qumbaralaradək əl atsalar da məqsədlərinə nail ola bilmədilər. Təbiidir ki,
biz onların izinə düşdük.
Təəssüf ki, hadisə yerinə çata bilmədik. Maşınımız dağın ətəyindəki
yolda bataqlığa düşdü və BTR gözdən itdi. Buna baxmayaraq o böyük əks-sədaya
səbəb oldu. Belə ki, nə bu gün, nə də ertəsi gün yaraqlılar kilsəni ələ
keçirə bilmədilər. Yalnız üçüncü cəhddən sonra onlar kilsənin yeganə sağ qalmış
müdafiəçisini təslim olmağa vadar etmiş və məbədlə qəbirstanlığı geri
qaytarmışlar. Əsir düşmüş cavan oğlan tüstüdən qapqara idi. O, üzərində
bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”.
Natiqin taleyi barədə beynəlxalq təşkilatlara da
məlumat verilmir
Bu sözləri məqalə dərc olunandan sonra Moskvada «Oqonyok»un
redaksiyasında olmuş Natiqin qohumlarına yazının müəllifi söyləyib. Müxbirin
sözlərinə görə, o, Qarabağdan çıxanda Natiq sağ idi. K.Smirnov hətta əvvəlcə
yaxınlarına Natiqin axtarışında köməklik göstərəcəyi barədə vəd verib. Lakin
sonradan naməlum səbəblərdən o, bundan imtina edib.
Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan
şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş
müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini
Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi
məzarları sırasında onun da adı var.
Naibə Qurbanova/Karabakhinfo
|
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 yorum:
Post a Comment