Roma imperiyasının tarixində bu dövləti bir nəfərdən başqa heç bir kənar qüvvə, heç bir başqa dövlət məhv olma təhlükəsi qarşısında qoya bilməmişdi. Həmin adam Karfagen sərkərdəsi Hannibal (e.ə. 247 – e.ə.183) idi.
Bu hadisə də ona görə heyrət doğurur ki, bir adamın arxasında nə imperiya, nə də ölkə vardı. O, cəmi bir şəhərin — Karfagenin qüvvəsinə və köməyinə bağlı idi. Karfagen Aralıq dənizi sahilində qədim ticarət şəhəri idi. Burada məskən salan əhali qədimdən ticarətlə məşğul olub, Cənubi İtaliya, Siciliya və ümumiyyətlə, Aralıq dənizi sahili ölkələri ilə sıx əlaqə saxlayırdı. Əvvəllər onların rəqibləri yox idi. Lakin sonralar Apennin yarımadasında Roma — möhtəşəm bir şəhər qorxunc şəkildə yüksəldi.
Haminkar Barki İspaniya və başqa ərazilər uğrunda Roma ilə mübarizə apararkən 9 yaşlı oğlu Hannibalı məbədə aparıb orada mehrab önündə qatı düşmənləri olan Roma ilə ömrü boyu düşmən olacağına and içdirmişdi. Hannibal doğrudan da öz andına sadiq qaldı. Son nəfəsinə kimi yağı düşmənlə vuruşdu.
Atası öləndən sonra hakimiyyətə gələn əmisi Hasdrubal romalılarla sülh tərəfdarı kimi saziş bağlayıb İspaniyadakı Sagunt şəhərini iki dövlət arasında sərhəd kimi qəbul etdi. Lakin Hasdrubal öldürüldü. Hakimiyyətə gələn Hannibal əvvəl Sagunt şəhəri ətrafındakı qəbilə və tayfaları fəth etdi. Bu isə o qədər də asan deyildi. Rəqiblərin 100 mindən çox əsgəri vardı. Sagunt şəhəri əhalisi bunu görüb müdafiə üçün Romaya elçi göndərdilər. Lakin Roma senatı qərar çıxarana kimi Hannibal bu böyük və zəngin ispan şəhərini almaq qərarına gəldi. Döyüş zamanı ön cərgələrdə vuruşan Hannibal budundan ağır yara aldı. Bu hücumdan qəzəblənən romalılar Karfagen senatına elçi göndərib müqaviləni pozduqlarına görə Hannibalın onlara verilməsini tələb etdilər. Fəqət rədd cavabı aldılar. Hannibal bu tələbə Saguntu 8 ay mühasirədə saxlayandan sonra almaqla cavab verdi.
Bu xəbəri alan Roma bir-birinə dəydi. Güclü və döyüşkən ordunun başında dayanan gənc sərkərdənin Romanın yeni-yeni müstəmləkələrini ələ keçirəcəyinə əmin olan senat Karfagenə müharibə elan etdi. Konsul Publi Korneli Ssipiona İspaniyanı, Tiberi Semproniyə isə Afrikanı müdafiə etmək üçün hərəsinə 6 legion verildi. Elə bununla da ikinci Pun müharibəsi başlandı.
Gənc Hannibal romalıları qabaqlamaq və sarsıtmaq üçün ağlasığmaz bir yürüşə — Alp dağlarını aşıb İtaliyaya hücum etmək qərarına gəldi. O, 90 minlik piyada, 12 minlik süvari ordusu və 37 fil ilə keçilməz aşırımları aşıb 5 aylıq çətin yürüşdən sonra Şimali İtaliyada peyda oldu. Ordusunun yarısını itirsə də Qalliya köməkçiləri ilə bərabər Ssipionun legionları ilə Po çayının sol sahilində toqquşmalı oldu. Bu soyuq qış günlərində gənc sərkərdə öz cəsur süvarilərinin köməyilə Tilçino və Trebi adlanan yerdə iki dəfə romalılara qalib gələ bildi. Bu görünməmiş hadisə idi. Senat qorxuya düşüb ona qarşı Emiliya Pavel və Terrensi Varronun başçılığı ilə kömək üçün çoxlu qüvvə — 8 legion göndərdi.
Dünya hərb tarixində yeni səhifə olan Kanna vuruşması belə başlandı. Roma sərkərdələri legionlara növbə ilə, hərəsi bir gün komandanlıq edirdi. Onlar Kanna kəndini döyüş üçün münasib yer bildilər. Roma ordusunun sayı karfagenlilərdən iki dəfə çox idi. Buna görə də Varron qələbəsinə arxayın idi. O, qoşunu sıx cərgələrlə kvadrat şəklində, Hannibal isə qoşunlarını aypara şəklində düzdü. Ortada nisbətən zəif və təcrübəsiz, uclarda isə sınanmış, təcrübəli, döyüşkən süvarilərini və piyadalarını yerləşdirdi.
E.ə. 206-cı il avqustun 2-də başlanan döyüşdə əvvəlcə Hannibalın səkkiz minlik seçmə süvariləri sol cinahdan hücuma keçərək romalıların sağ cinahını əzdi və legionların arxasına keçib rəqib süvarilərini pərən-pərən salıb tədricən ayparanın o biri ucu də qovuşdu. Mərkəzdə güclü olan Roma piyadaları da sanki karfagenlilərin işini yüngülləşdirib irəli getdilər. Bayaqkı «aypara» əvvəl «nal» şəklini aldı və az sonra dairəyə döndü. Beləliklə, dünya hərb tarixində ilk dəfə olaraq mühasirə taktikası tətbiq olundu. Romalılar bir-birilərini sıxan, əzən kütləyə döndü. Beləliklə, məğlubiyyət nə olduğunu bilməyən Roma legionları aciz, köməksiz bir şəkildə qırılmağa başladı və sutka yarım ərzində 70 minə qədər döyüşçü məhv edildi. Bu, qədim dünya tarixində görünməmiş bir hadisə idi. Lakin bu parlaq qələbədən sonra Hannibal birbaşa Romaya getmək əvəzinə özünə müttəfiqlər axtarmağa başladı. Və beləliklə o, Romaya özünə gəlib yeni qüvvələr toplamağa şans verdi. Belə ki, Hannibal Kapuya şəhərinə çəkilib yeni qüvvələr gözləməyi qərara aldı. Təşəbbüs də bununla əldən getdi. Ümumiyyətlə, insan ağlından və psixologiyasından ziddiyyətli və mürəkkəb heç nə ola bilməz. Hannibalın köməyinə gələn qardaşı Hasdrubal 207-ci ildə İtaliyada Roma konsulları Livi Salinator və Klavdi Neron tərəfindən məğlub edilib həlak oldu. Hannibal kömək ala bilmədi. Əksinə, Karfagen senatı onu şəhərin müdafiəsinə çağırdı. Beləliklə, bütün qələbələri faydasız olan Hannibal Afrikaya adladı. Doğrudur, o, yeni qüvvələr toplaya bildi, amma nədənsə qəlbinə şübhə və tərəddüdlər dolmuşdu. Buna görə də Ssipiona danışıqlara başlamağı təklif etdi. Amma Ssipion ondan danışıqsız təslim olmağı tələb etdi. Əlacsız qalan sərkərdə döyüşə girməli oldu. E.ə. 202-ci il sentyabrın 15-də Zama adlanan yerdə həlledici toqquşmada ilk dəfə məğlub oldu. Bu məğlubiyyətdən sonra Karfagen aristokratiyası ona düşmən kəsildi. Əlacsız qalan Hannibal suriyalı Antioxun yanına gedib onu Roma ilə mübarizəyə çağırdı. Fəqət, Antiox da məğlub edildi. Romalılara verilmək təhlükəsini hiss edən Hannibal Krit adasına qaçdı. Orada da həmin təhlükəyə məruz qaldığını görüb e.ə. 183-cü ildə Vifiniyada zəhər içib intihar etdi
.Hannibal bir sərkərdə kimi dühasını hətta Roma tarixçiləri və dövlət xadimləri də etiraf edib onun cəsarətinə, mətanətliyinə, igidliyinə və döyüş zamanı sürət və enerjisinə yüksək qiymət veriblər. Çox haqlı olaraq o, İsgəndər və Sezardan sonra dünyanın ən böyük sərkərdələrindən biri hesab edilir.
0 yorum:
Post a Comment