ALFRED NOBELIN 1895-CI ILIN 27 NOYABR TARIXINDƏ PARISDƏ YAZIB IMZALADIĞI VƏSIYYƏTNAMƏSI.

Mən, Alfred Bernhald Nobel diqqətlə düşünüb-daşındıqdan sonra indi oxuyacağınız vəsiyyətnaməmi yazıram və istəyirəm ki, aşağıda imzalandıqlarım mən öləndən sonra həyata keçsin.

Qardaşım Robert Nobelin uşaqları Yalmar və Lüdviq Nobellərin hər birinə 200 000 kron (İsveç kronu – red. ) vəsiyyət edirəm.

Qardaşım Lüdviq Nobelin oğlu İmanuel Nobelə 300 000 kron, qardaşımın qızı Mina Nobelə isə 100 000 kron vəsiyyət edirəm.

Qardaşım Robert Nobelin qızları İnqeborq və Tayra Nobellərin hər birinə 100 000 kron vəsiyyət edirəm.

Hal-hazırda Parisdə Rui Sent Florentin, 10 ünvanında xanım Brandla birgə yaşayan xanım Olqa Botgerə 100 000 frank (Fransa frankı - red.) vəsiyyət edirəm.

Xanım Sofi Kapi fon Kapivara, hansı ki yaşadığı ünvan Vyanada fəaliyyət göstərən İngiltərə-Avstriya Bankına məlumdur, 6000 florion məbləğində illik renta vəsiyyət edirəm. Bu pulu həmin Bankın ona ödəməsini istəyirəm, çünki o Banka Macar Dövlətinə məxsus istiqrazlar şəklində 150 000 florion vəsait yatırmışam.

Stokholm Stureqatan, 26 ünvanında yaşayan cənab Alarik Lidbekə 100 000 kron vəsiyyət edirəm.

Hal-hazırda Parisdə Rui de Lübek, 32 ünvanında yaşayan xanım Eliza Antenə hər il 2500 frank verilməsini vəsiyyət edirəm. Bundan başqa, şəxsi hesabımdan 48 000 frankın da ona verilməsini vəsiyyət edirəm.

ABŞ, Texas, Voterford ünvanında yaşayan cənab Alfred Hemonda 10 000 dollar vəsiyyət edirəm.

Berlində Potsdamerştrase, 51 ünvanında yaşayan Emi Vinkelman və Meri Vinkelman bacılarının hər birinə 50 000 marka (Alman markası - red.) vəsiyyət edirəm.
Fransanın Nim əyaləti, Bulvar dyu Viaduk, 2 bis ünvanında yaşayan xanım Qoşeyə 100 000 frank vəsiyyət edirəm.

San-Remodakı laboratoriyamda çalışan qulluqçularım Avqust Osvald və onun həyat yoldaşı Alfons Turnana, hər birinə illik 1000 frank vəsiyyət edirəm.

Şalon-syur-Son, Sen–Loren Meydanı, 5 ünvanında yaşayan keçmiş qulluqçum Jozef Jirardoya illik 500 frank məbləğində renta vəsiyyət edirəm. Keçmiş bağbanım Jan Lekoya isə 300 frank illik renta vəsiyyət edirəm.

Paris, Ryu Kompen, 2 ünvanında yaşayan cənab Georq Ferenbaxa 1 yanvar 1896 tarixindən 1 yanvar 1899 tarixinə kimi hər il 5000 frank pensiya verilməsini vəsiyyət edirəm. Bu vaxt bitdikdən sonra pensiyanın dayandırılmasını istəyirəm.

Şəxsi hesabımda olan pulun 20 000 kronu qardaşım uşaqları Yalmar, Lüdviq, İnqeborq və Tayraya məxsus olduğundan, bu məbləğin də onlara verilməsini vəsiyyət edirəm.

Yerdə qalan varidatımla aşağıdakı qaydada davranılmasını vəsiyyət edirəm.

Qəyyumlarımdan tələb edirəm ki, ilk növbədə gərək mənə məxsus olan bütün kapitalı qiymətli kağızlara çevirib fond yaratsınlar və bu fonddan hər il bəşəriyyətin və insanların inkişafı naminə həyata keçirdiyi işlərə görə qaliblər seçilib onlara pul mükafatı təqdim edilsin. Pul mükafatı 5 sahəni əhatə etməlidir, eyni zamanda istəyirəm ki, hər bir mükafatçıya bərabər məbləğdə pul ödənilsin. Mükafatlandırılacaq sahələr bunlardır: 1. fizika, 2. kimya, 3. fiziologiya və tibb, 4. ədəbiyyat və 5. sülh.

İsveç Kral Akademiyası fizika və kimya sahəsindəki mükafatçını, Stokholm Kral Karolinsk İnstitutu fiziologiya və tibb sahəsindəki mükafatçını, Stokholm İsveç Akademiyasının ədəbiyyatşünasları ədəbiyyat sahəsindəki mükafatçını seçməlidirlər. Sülh mükafatının kimə təqdim olunacağını isə Norveç Stortinginin təyin etdiyi 5 nəfərdən ibarət komitə seçməlidir. Qəti surətdə istədiyim budur ki, mükafatçıları seçərkən onların milliyyətinə və yaşadıqları ölkəyə önəm verilməsin, mükafat ən layiqli olanlara verilsin.

Hal-hazırda mənim Parisdə və San-Remoda daşınmaz əmlakım, mülklərim var. Londonda və Qlazqodakı The Union Bank of Scotland Ltd də, Parisdə fəaliyyət göstərən Le Credit Lyonnais, Comptoir National d'Escompte və Alphen Messin & Co Banklarında pullarım var. Bundan başqa, Parisdəki Banque Transatlantique bankındakı M.Piter adlı birja maklerində və Berlindəki Disconto Gesellschaft və Joseph Goldschmidt & Cie banklarında da pullarım var. Eyni zamanda, Rusiyanın mərkəzi bankında və qardaşım İmanuel Nobelin Peterburqdakı bank hesabında da mənə məxsus olan pullar mövcuddur. Stokholmda və Höteborqdakı Skandinaviska Kredit Aktiebolaget bankında da pullarım var. Parisdəki Malaxov prospektində yerləşən evimin seyfində də pul saxlamışam. Bütün bunlardan əlavə, təyin etdiyim qəyyumlarım mənə məxsus olan patentlərə və digər qiymətli kağızlara dair lazım olan bütün məlumatları qeyd kitabçalarımdan tapa bilərlər.

İmza atdığım tarixdən etibarən bu vəsiyyətnaməmi yeganə qüvvədə olan sənəd hesab edirəm və bəyan edirəm ki, bundan başqa digər vəsiyyətnamələrin heç biri keçərli hesab edilməməlidir. Ən sonda vəsiyyət edirəm ki, mən öləndən sonra damarlarım təcrübəli həkim tərəfindən yarılsın və ölüm faktı təsdiqləndikdən sonra meyidim krematoriyada yandırılsın.

Paris, 27 noyabr 1895-ci il. Alfred Bernhard Nobel.

Biz, aşağıda imza atanlar öz imzamızla təsdiq edirik ki, Alfred Bernhard Nobel bizim müşayiətimizlə ağlı başında ikən, könüllü surətdə bu vəsiyyətnaməni yazıb və imzalayıb.

Siqurd Erenborq, Ehtiyyatda olan leytenant, Paris, Bulvar Hausman, 84

R.V. Strlenert, Mülki mühəndis, Pasaj Karolin, 4

Tos Nordenfelt, Konstruktor, Paris, Ryu Ober, 8

Leonard Vase, Mülki mühəndis, Pasaj Karolin, 4

Mənbə: Marifia.com




Share on Google Plus

About Unknown

www.OxuZali.com
    Blogger Comment
    Facebook Comment

0 yorum:

Post a Comment